Xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə təqsirləndirilən Şöhrət Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Apa xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin olunmayıb və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Şöhrət Məmmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən Şöhrət Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin bu ilin mart ayında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
O, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq formasında dövlətə xəyanət etməkdə təqsirləndirilir.



