29.01.2026-cı il tarixində saat 22:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi ərazisindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Qaziler.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb.
Çağırış ünvanına dərhal 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində 5 nəfərə yerində ilkin tibbi yardım göstərilib.
***
23:01
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18kv.m sahədə yanıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
***
22:21
Bakıda Abşeron Gənclər Şəhərciyində hündürmərtəbəli binada yanğın hadisəsi qeydə alınıb.
Apa xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub.
Yanğının səbəbləri barədə hələ ki, heç bir məlumat verilməyib.



