Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Apa xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. İş üzrə şahid qismində tanınan Gültən Quliyeva bildirib ki, Kamran Əsədovun köməkçisi Bəhman Huseynli onunla əlaqə saxlayaraq məhkəməyə getmənəyi təklif edib: “Mənə dedi ki, məhkəməyə getməyim və hər şey yaxşı olacaq. Həmçinin Kamran Əsədov da mənə mesaj yazıb. Lakin mən hər iki şəxsi tətbiq üzərindən bloklamışam. Mən Kamran Əsədova oğlumun qəbul olunması üçün 15 min manat pul vermişəm. İş alınmadı, pulu geri qaytarıb".
Kamran Əsədov ifadəyə münasibət bildirərkən qeyd edib ki, Gültən Quliyevaya zəng etməyib və hal-əhval üçün mesaj yazıb. Eyni zamanda, Gültən Quliyevadan pul almayıb, pulu özləri verib.
Hakim Elçin Məmmədov bildirib ki, hazırda Naftalan Şəhər Polis Şöbəsinə Kamran Əsədov barəsində şikayət daxil olub, araşdırma aparılır.
İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Mirzağa Yaqubzadə isə deyib ki, Gültən Quliyevanın oğlu imtahanda iki dəfə iştirak edib.
Daha sonra , Gültən Quliyevanın oğlu Nihat Quliyev və Kamran Əsədovun köməkçisi Bəhman Huseynli ifadə verərək tərəflərin suallarını cavablayıb.
Məhkəmənin növbəti iclası 23 yanvara təyin edilib.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinin başlanmasına səbəb DİM tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.



