Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib - FOTO - VİDEO

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilib - FOTO - VİDEO backend

İsveçin Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi dünən vətənə gətirilib. Milli Qəhrəmanənla bu gün vida  mərasimi keçirilib.

Bu barədə qazi Rey Kərimoğlu Qaziler.az-a bildirib.

R.Kərimoğlu bildirib ki, vida mərasimində hərbçilər, Milli Qəhrəmanın döyüş yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Milli Qəhrəman Hərbi Memorial Məzarlıqda dəfn edilib.

Qeyd edək ki, Şahin Tağıyev ötən il 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə ötən gün Azərbaycana gətirilib.

Şahin Talıb oğlu Tağıyev 3 fevral 1949-cu ildə Tərtər şəhərində anadan olub. Əslən Şuşadandır. 

1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir.

Azərbaycan Respublikası prezidenti Əbülfəz Elçibəyin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Şahin Tağıyev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Tağıyev bu ada layiq görülən ilk 4 nəfərdən biridir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdi. 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.

Şahin Tağıyev 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak etmişdir. O, Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olmuş, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilmişdir. 2001-ci ildən İsveçdə mühacirətdə yaşayırdı. Ailəli idi, bir oğlu, bir qızı, nəvələri var. Şahin Tağıyev 2024-cü ildə infarkt keçirmiş, beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. O, bundan sonra "Oxie" Qocalar evində yaşamağa başlamışdı. O, 29 dekabr 2025-ci ildə 76 yaşında uzun sürən xəstəlikdən sonra İsveçin Malmö şəhərində vəfat edib. 

QAZİLER.AZ