Minalarla bağlı xəbərdarlıqlara məhəl qoyulmur, nəticədə faciəvi hadisələr qaçılmaz olur - Rey Kərimoğlu

Minalarla bağlı xəbərdarlıqlara məhəl qoyulmur, nəticədə faciəvi hadisələr qaçılmaz olur -  Rey Kərimoğlu backend

Xəbər verdiyimiz kimi, bu gün, Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.

Məlumata görə, dekabrın 3-də 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Qaziler.az bildirir ki, hadisə ilə bağlı Azərbaycanda Minadan Zərərçəkənlər Assosasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu insanların öz həyatları hesabına başa gələcək hadisənin qarşısını almaq üçün belə yerlərə getməkdən çəkinməyə çağırdı: 

"Təəssüflər olsun ki, son vaxtlar, demək olar ki, hər həftə işğaldan azad olunmuş ərazilərdə insanların minaya düşməsi ilə bağlı xəbərlər alırıq. Bu, çox üzücü haldır. Minalarla bağlı xəbərdarlıqlara məhəl qoyulmur, nəticədə faciəvi hadisələr qaçılmaz olur. Baxmayaraq ki, ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu, eyni zamanda Azərbaycanda Minadan Zərərçəkənlər Assosasiyası İctimai Birliyi və bu yöndə fəaliyyət göstərən digər təşkilatlar - Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi dəfələrlə maarifləndirmə işləri aparırlar. Ərazilərdə mina təhlükəsizliyi ilə bağlı elan, löhvələr basdırılır. Mina ilə çirklənmiş ərazilərdə "Giriş qadağandır" işarələri var. Lakin buna baxmayaraq ərazidə olan insanlar sayıqlığı itirərək minalanmış ərazilərə daxil olur və beləliklə bu cür faciəvi hadisələr baş verir. Biz yenə insanları diqqətli olmağa çağırırıq: İşğaldan azad olunmuş ərazilərə gedərkən mina təhlükəsi olan yerlərə girməsinlər".

QAZİLER.AZ