ANAMA-nın minaaxtaranı ABŞ-da mükafata layiq görülüb - FOTO

ANAMA-nın minaaxtaranı ABŞ-da mükafata layiq görülüb - FOTO backend

ABŞ-ın paytaxtı Vaşinqtonda ölkənin humanitar minatəmizləmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Marşal İrsi İnstitutunun təşkilatçılığı ilə “Yolun təmizlənməsi” (Clearing the Path Awards) adlı illik mükafatlandırma qala gecəsi keçirilib.

 

Bu barədə ANAMA-dan məlumat verilib.

 

Tədbirdə ABŞ Administrasiyası və Konqresinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, minatəmizləmə üzrə beynəlxalq təşkilatların və donor qurumların təmsilçiləri iştirak ediblər. Qala gecəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vüsal Allahverdiyev və onun minaaxtaran iti “Ben-Mace”ə 2025-ci ilin “İlin minaaxtaran it komandası” mükafatı təqdim edilib.

 

Bu il dörd nominasiyada müəyyən edilmiş qaliblər arasında yer alan Azərbaycan nümayəndəsinə mükafatı Azərbaycanın ABŞ-də səfiri Xəzər İbrahim təqdim edib.

 

Qala gecəsində Marşal İrsi İnstitutu tərəfindən Azərbaycana ianə edilmiş minaaxtaran itlərin və onların təlimçilərinin azad olunmuş ərazilərimizdəki minatəmizləmə fəaliyyəti ilə bağlı fotoşəkillər nümayiş etdirilib.

 

Marşal İrsi İnstitutu ilə Azərbaycan arasında əməkdaşlıq 2005-ci ildən davam edir. Bu dövr ərzində institut Azərbaycana 100-dək minaaxtaran it təqdim edib.