Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirlib.
Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.
Sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Bu barədə Apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
"Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda onların müayinə və müalicələri davam etdirilir. 2 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
***
11.29
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
11.24
Biləcəridə yük maşınının körpüdən avtomobilin üzərinə aşması nəticəsində iki nəfər ölüb.
Apa-nın xəbərinə görə, avtomobildən 2 nəfərin meyiti çıxarılıb.
***
11.05
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən Apa-ya verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
Əlavə məlumat veriləcək.
***
10.41
Biləcəri qəsəbəsində, Sumqayıt istiqamətində yolda qəza baş verib.
Apa-nın xəbərinə görə, yük maşını yol ötürücüsündən avtomobilin üzərinə aşıb.
Xəsarət alanların olduğu bildirilir.
***
10.19
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
