Bakıda metroda dünyaya gələn uşaq vəziyyəti yaxşı olmadığına görə cihaza qoşulub - YENİLƏNİB

Bakıda metroda dünyaya gələn uşaq vəziyyəti yaxşı olmadığına görə cihaza qoşulub - YENİLƏNİB backend

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.

***

09:54

08.08.2025-ci il tarixində saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Bu barədə Apa-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2,200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

***

08:59

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Qaziler.az xəbər verir ki, bu haqda Bakı Metropoliteninin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.