Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb - VİDEO

Cəlilabadda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb - VİDEO backend

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinun Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları cəlb olunub.

19:00

Cəlilabadda meşə ərazisinə keçən yanğın lokallaşdırılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində başlayan, sonradan isti hava və güclü külək səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur:

"Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb.
Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir.

Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhrərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir."

18:45

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

17:20

Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

"Report"un Muğan bürosunun məlumatına görə, bu, 1976-cı il təvəllüdlü meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur.

Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Hazırda yanğın davam edir.

13.59

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub.

Hava küləkli olduğu üçün yanğının miqyası genişlənib. İlkin olaraq əraziyə 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.