Əlcəzairdə mühacirlərin düşərgəsində baş verən yanğın nəticəsində Afrika ölkələrindən olan 18 nəfər həyatını itirib, daha 43 nəfər isə xəsarət alıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, faciə Əlcəzairin mərkəzi hissəsində yerləşən Uarqla şəhərində baş verib. Hadisə yerinə operativ müdaxilə edən yanğınsöndürənlər alovun qarşısını almağa nail olub. Yanğının səbəbləri hələ ki, bəlli deyil.
Düşərgə ərazisində 600 mühacirin yaşadığı bildirilir. Həlak olanların hansı ölkənin vətəndaşları olduğu barədə məlumat verilmir.Xatırladaq ki, Saxara səhrasından cənubda yerləşən ölkələrin əhalisi Avropaya keçmək üçün Əlcəzairə axışırlar. Ölkəyə mühacir axını bir neçə il əvvəl qaçqınların əsas marşrutu olan Liviyada alovlanan vətəndaş müharibəsindən sonra artıb.