Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş şəxs İlham Həsənov ifadəsində Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından danışıb.
Apa xəbər verir ki, o, qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Bildirib ki, Şuşada şəhərin N.Nərimanov küçəsində yerləşən ikiotaqlı mənzili və mənzilində olan mebel əşyaları qalıb.
“Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, - deyə o, Şuşanın işğalından danışarkən əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 25-də davam etdiriləcək.