Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Apa xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Aynur Bayramova vəsatət verərək onun haqqında seçilmiş qətimkan tədbirinin səhhəti ilə əlaqədar ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsini xahiş edib.
Təqsirləndirilən şəxslər və vəkilləri buna etiraz etməyib.
Vəsatət məhkəmə tərəfindən təmin olunmayıb. Buna əsas kimi Aynur Bayramovanın səhhətində ciddi problemlər olması ilə bağlı heç bir sənədin təqdim edilmədiyi göstərilib.
Daha sonra zərərçəkən Ramin İsmayılov mülki iddia ilə qaldıraraq, Nuridə Seyidova və Aynur Bayramovadan 15 min dollar tələb edib. Onun mülki iddiası icraata qəbul edilib.
Sonra məhkəmədə şahidlər və zərərçəkənlər ifadə verib.
Prosesdə hazırda ölkədə olmayan zərərçəkənlərin ibtidai istintaqda verdiyi ifadələri də elan olunub.
Məhkəmə istintaqı yekunlaşmadan öncə təqsirləndirilən Aysel Məmmədova Mərkəzi Gömrük Hospitalının həkimi, transplantoloq Mircəlal Kazıminin və cərrah-transplantoloq Taryel Ömərovun məhkəmədə şahid qismində dindirilməsi üçün vəsatət verib.
Aynur Bayramova da Talassemiya Mərkəzinin sabiq baş həkimi Xuraman Cəfərovanın və həmin mərkəzin sabiq baş direktoru Valeh Hüseynovun məhkəməyə çağırılması üçün vəsatət verib.
Məhkəmə hər iki vəsatəti təmin edib. Adıçəkilən həkimlər gələn prosesdə ifadə verəcəklər.
Növbəti proses aprelin 16-na təyin edilib.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.