Artıq bir neçə ildir ki, dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələri ölümcül təsirli süni intellektə əsaslanan silah sistemləri üzərində aktiv şəkildə işləyirlər. Bu tipli silahların istehsalı qərarların qəbulunda insan faktorunu nəzərə almır və nəticədə bütün qərarlar avtonom şəkildə fəaliyyət göstərən robot silahlar tərəfindən qəbul edilir. Artıq ekspertlər bildirirlər ki, heç bir ölkə bu cür robot silahların gözlənilməz kütləvi hücumu qarşısında dayana bilməyəcək. Çünki bu tipli silahlar insanlardan daha tez hədəfi müəyyən etmək və məhv etmək bacarığına malik olacaq. Həmçinin bu silahların fəaliyyətinə insanlarda güclü inkişaf etmiş özünümüdafiə instinkti kimi faktorlar da maneə ola bilməyəcək. Beləliklə robot silahların yaradılması və istifadəsi çoxsaylı etik, texniki, hüquqi və təhlükəsizlik problemləri yaradacaq. İnsan müdaxiləsi olmadan, özü idarə olunan süni zəka silahları bəşəriyyət üçün faciəli nəticələrə gətirib çıxaracaqdır.
Bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada süni intellektə əsaslanan silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. Artıq bir neçə ildir ki, BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə iştirak edir. BMT-nin Baş Katibi dövlətləri 2026-cı ilə qədər müqavilə bağlamağa çağırıb. Bununla əlaqədar BMT Baş Assambleyası xüsusi qətnamə qəbul etmişdir ki, orda qeyd olunur ki, istənilən sonrakı gecikmə beynəlxalq ictimaiyyətin süni intellektə əsaslanan silah sistemlərinin yaratdığı ciddi və təcili risklərdən qorunmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdacaq. “Qoşulmama Hərakatı” BMT Baş Assambleyasının sessiyasında bildirdi ki, ölümcül avtonom silahların qarşısını alacaq hüquqi tənzimləyici bir sənədə ciddi ehtiyac vardır.
Dünyadakı terror qruplaşmalarının bu silahları əldə etməsi və yaxud özlərinin hazırlamasını təsəvvür etmək belə insanda vahimə yaradır. Bundan başqa bəzi silahlı birləşmələrin nəzarətdən çıxması və bu silah sistemlərinə malik olması da hansı fəlakətlərə sabəb ola biləcəyini indidən təsəvvür edə bilərik. Bir neçə il bundan qabaq Rusiyada “Vaqner” silahlı birləşməsinin üsyanı və paytaxta hücuma keçməsi, bəzi ekspertlərin bildirməsinə görə nüvə silahına can atması dediklərimizə sübut kimi qəbul oluna bilər.
Burada qeyd etmək lazımdır ki, müzakirələr süni intellektə əsaslanan sistemlərin tamamilə ləğvi istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində süni intellektə əsaslanan sistemlərin tətbiqi alqışlanır. Hazırda minaların təmizlənməsində, təhlükəli və fəlakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi, sərhədlərin qorunması və s. kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində süni intellektə əsaslanan sistemlər tətbiq edilir.
Bütün bunları nəzərə alaraq ölümcül təsirli süni intellektə əsaslanan silah sistemlərinə ölüm və həyat haqqında qərarlar vermək səlahiyyəti verilməməlidir. Dövlətlər insan həyatını qorumaq və ölümün avtomatlaşdırılmasına qarşı hüquqi qırmızı xətlər çəkmək üçün süni intellektə əsaslanan silah sistemləri haqqında hüquqi müqaviləni müzakirə etmək üçün cəsarətli siyasi addımlar atmalıdır. Nəzərə almaq lazımdır ki, qonşuluğumuzda yerləşən bəzi dövlətlərdə də bu silah silah sistemlərinin hazırlanması üçün ciddi işlər aparılır.
Düşünürük ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası süni intellektə əsaslanan silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə aktiv iştirak edərək öz təsirli tövhəsini verə bilər.
Hafiz Səfixanov
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri