Vətəndaş Həmrəyliyi partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli 75 yaşında vəfat edib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə VHP sədri Sabir Rüstəmxanlı məlumat yayıb.
“Siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərlı bu gün haqqa qovuşmuşdur. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Ruhu şad olsun”, - S.Rüstəmxanlı bildirib.
Qeyd edək ki, F.Ələkbərli müstəqillik hərəkatının öncüllərindən olub. 1989-94-cü illərdə Bakı Şin Zavodunun direktoru işləyib və həmin vaxt zavodun həyətində Məmməd Əmin Rəsulzadənin heykəlini ucaltdırıb. Bu addımına görə təzyiqlərə məruz qalsa da, abidənin götürülməsinə imkan verməyib.
F.Ələkbərli sadəliyi, səmimiliyi və alicənablığı ilə hər zaman seçilən təvazökar bir insan idi.