Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin qüvvələrinin operativ müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
***
17.13
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə oktyabrın 31-də saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın səbəbilə çağırış daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 12 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi yardım göstərilib. İki nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
***
16.36
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Qaziler.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz işlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.