Azərbaycanda toy karvanında dəhşətli QƏZA: Ölənlər arasında hərbi qulluqçular da var - TƏFƏRRÜAT

Azərbaycanda toy karvanında dəhşətli QƏZA: Ölənlər arasında hərbi qulluqçular da var - TƏFƏRRÜAT backend

Biləsuvar rayonundakı dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.

Minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-ci il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, həyatını itirən şəxslər yaxın qohumudurlar və Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova bu gün toyu planlaşdırılan bəyin bacısıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

*****

Xəbər verdiyimiz kimi, Bəhrəmtəpə-Biləsuvar yolunda Pərviz Hüseynovun idarə etdiyi VAZ-21124 markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

Bizim.media xəbər verir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişib.

Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir. Onların adlarını təqdim edirik:

Pərviz Allahşükür oğlu Hüseynov (1994), Xoşbəxt Arif qızı Hüseynova (1991), Mehriban Hüseyn qızı İsmayılova (1955), Aidə Yasər qızı Hüseynova (1990) və Vasif Əkbər oğlu İsayev (1995).

Qeyd edək ki, ölən kişilər Azərbaycan Ordusunun hərbi qulluqçularıdır. Xoşbəxt xanım isə bu gün toyu planlaşdırılan bəyin bacısıdır. Dünyasını dəyişənlər yaxın qohum olublar.

 

*****

"Bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayan VAZ-21124 markalı nəqliyyat vasitəsini Cəlilabad rayon sakini 1994-cü il təvəllüdlü Pərviz Allahşükür oğlu Hüseynov, MAN markalı yük avtomobilini isə Salyan rayon sakini Bayram Namus oğlu Mehdiyev idarə edib".

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Hadisə nəticəsində sürücü Pərviz Hüseynov və sərnişinləri 1955-ci il təvəllüdlü Mehriban İsmayılova, 1991-ci il təvəllüdlü Xoşbəxt Hüseynova, 1995-ci il təvəllüdlü Vasif İsayev və 1990-ci il təvəllüdlü Aidə Hüseynova hadisə yerində həyatlarını itiriblər.

Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev qeyd edib.

Diaspora