Müğənni Abraham Russonun oğurlanması işi üzrə təqsirləndirilən Vladimir Şestopalov təqsirini etiraf etməkdən imtina edib.
QAZÌLER.AZ Lent.az-a istinadla bildirir ki, Şestopalov üzləşmə zamanı təqsirini boynuna almayıb və törətdiyi cinayətdən peşman olmayıb.
Şestopalovun həbsi sentyabrın 4-də məlum olub. O, təxminən altı ildir ki, federal axtarışa verilib. Şestopalov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsinin 2-ci hissəsi (“Bir qrup şəxs tərəfindən zor tətbiq etməklə qabaqcadan əlbir olaraq adam oğurlamaq”) ilə ittiham olunur. O, sentyabrın 4-də Şeremetyevo hava limanında saxlanılıb.
2021-ci ildə Moskva məhkəməsi bu işdə iki nəfəri - Elyar Dəmirov və Vladimir Qusakovu təqsirli bilib. Onlar beş və altı il həbs cəzası alıblar, lakin iddia müddəti bitdiyi üçün cəzadan azad ediliblər.
İstintaq və məhkəmə müəyyən edib ki, Dəmirov 2004-cü il yanvarın 31-də əlaltıları ilə birlikdə müğənnini restoranda oğurlayıb. Abraham Russo döyülüb və bıçaqla öldürülməklə hədələnib. Daha sonra Russo Moskva yaxınlığındakı evə aparılıb və 1 gün orada əsirlikdə qalıb. Oğurlayanlar müğənnidən bütün konsertlərini ləğv etməyi və Çerkizovski bazarının sahibi Telman İsmayılovun şərtləri ilə müqavilə bağlamağı tələb ediblər.