Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları respublikanın sututarlarında brakonyerliyin, qanunsuz balıq ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri davam etdirirlər.
QAZİLER.AZ AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt polis məntəqəsinin tədbirləri nəticəsində Qazax rayon Ağstafaçay Su Anbarında qeyri-qanuni balıq ovu ilə məşğul olan İ.Aşırov saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd rezin qayıq, 2 ədəd avar, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd akkumulyator, 1 ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ümumi çəkisi 22 kiloqram olan 95 ədəd daban (karas) balığı və digər əşyalar götürülərək, su polisinin əməkdaşları tərəfindən protokollaşdırılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.