2023-cü ildə Azərbaycanda 58 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub.
Apa xəbər verir ki, bunu yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Baş prokuror bildirib ki, 58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub. Əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror, həmçinin, qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.