Naxçıvanda məktəbdə tavanın bir hissəsi uçub, müəllim xəsarət alıb - VİDEO

Naxçıvanda məktəbdə tavanın bir hissəsi uçub, müəllim xəsarət alıb -  VİDEO backend

Sosial şəbəkələrdə Naxçıvanın Babək rayonu Cəhri qəsəbəsində 2 nömrəli tam orta məktəbdə müəllimlər otağının tavanının qopması ilə bağlı məlumat yayılıb. 

Qopan tavanın tarix müəlliminin başına düşdüyü, nəticədə müəllimin ağır kəllə-beyin travması aldığı iddia olunur. 

“Qafqazinfo” hadisə ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Babək Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb. 

Təhsil şöbəsinin müdiri Elşən Qəbulov sorğumuza cavabında tavanın deyil, yalnız suvaq hissəsinin qopduğunu, hadisə nəticəsində ciddi xəsarət alanın olmadığını bildirib: 

“Həmin hadisə yanvar ayının 19-da olub. Həmin gün 30 şagird, 20 müəllimin iştirakı ilə 20 Yanvar hadisələrinin Anım Günü ilə əlaqədar anım tədbiri keçirilib. Bu vaxt tavanın 3 kvadratmetr hissəsində suvaq qoparaq tökülüb. Tavan çökməyib, qopan suvaqdır və onun da qalınlığı təxminən 3 santimetrdir. Nəticədə ixtisasca tarix müəllimi olan, məktəbdə laborant kimi çalışan Mahnurə Hüseynovanın qoluna düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb”.

Şöbə müdiri həmçinin əlavə edib ki, faktla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır və dəyərləndirilmədən sonra tavan bərpa ediləcək. 

E.Qəbulovun sözlərinə görə, sözügedən təhsil müəssisəsi 2007-ci ildə inşa olunub və məktəbdə 500-dən çox şagird təhsil alır.

Diaspora