Azərbaycan vətəndaşlığından məhrum edilən terrorçu Zülfüqarov Kamran Azər oğlunun məhkəməsi başlayıb.
Trend xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən onlayn iclasda təsqirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs məhkəmənin onlayn formatda keçirilməsinə etiraz etməyib.
Təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunub.
Daha sonra məhkəmə baxışının təyin edilməsi üçün məhkəmə müşavirəyə yollanıb.
Məhkəmə baxışı 5 fevral tarixinə təyin olunub.
Qeyd edək ki, 14 dekabr 1983-cü ildə Salyan rayonunda anadan olan, Azərbaycan vətəndaşı Kamran Zülfüqarov 2013-cü ildə ölkə ərazisini tərk edərək Suriyada aparılan silahlı münaqişələrdə və terror əməllərinin törədilməesində iştirak edib. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanılmış materiallar əsasında və müvafiq qanunvericiliyə uyğun qaydada təhlükəli terrorçu kimi 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından məhrum edilib, ölkəyə girişi qadağan olunmaqla Azərbaycana qayıtmaq hüququnu itirib.
K. Zülfüqarov qeyri-leqal yolla ölkə ərazisinə keçib. terrorçunun Azərbaycanda olması barədə məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı araşdırmalar nəticəsində yoxlanılaraq öz təsdiqini tapıb və gizləndiyi yer müəyyən edildikdən sonra həmin şəxs saxlanılıb. Kamran Zülfüqarov barəsində aparılan cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Kamran Zülfüqarovun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.
Kamran Züflüqarov dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində "Xalid dayı" dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.