Bakıda bulvar ərazisində qayıq batdı: Xəstəxanaya aparılanların son durumu - YENİLƏNİB - FOTO - VİDEO

Bakıda bulvar ərazisində qayıq batdı: Xəstəxanaya aparılanların son durumu -  YENİLƏNİB - FOTO - VİDEO backend

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunub. 

Bununla bağlı KTM məlumat yayıb.

Bildirilib ki, Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib:

“Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”.

13:07

22.12.2023-cü il tarixində saat 11:16 radələrində “Dəniz Mall”ın yaxınlığında qayıq aşması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bununla bağlı Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, dərhal hadisə yerinə iki təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində dörd nəfər (cinsi qadın) zərər çəkib. Bir nəfərə yerində ilk tibbi yardım olunub. Üç nəfər isə hipotermiya diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib.

12:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və qayıqdakı şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində üçü ekipaj üzvü, üçü sərnişin olmaqla altı nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

Diaspora