“Bu gün Bakıda fəaliyyət göstərən peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülməsi faktı aşkarlanıb”.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, yeniyetmə təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməlidir:
“Qız qorxu içindədir və həyatı təhlükədədir. Gecə evdən döyülərək qovulub, küçədə gecələyib”.
Elm və Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyindən Oxu.Az-a bildirilib ki, hadisə dünən baş verib:
“Qız yaşadığı evdə döyülüb. Bu gün peşə məktəbinə gəlib və rəhbərlik tərəfindən məsələ barədə dərhal Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara məlumat verilib”.

