Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov vəfat edib.
QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan mədəniyyətinə ağır itki üz verib, görkəmli heykəltəraş, pedaqoq, Xalq rəssamı Akif İzzətulla oğlu Əsgərov dünyasını dəyişib.
Qeyd edək ki, A.Əsgərov 1940-cı ildə Naxçıvan şəhərində anadan olub. 1958-63-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1963-69-cu illərdə İ.Repin adına Sankt-Peterburq adına Boyakarlıq, Heykəltəraşlıq, Memarlıq Akademiyasında M. K. Anikuşinin emalatxanasında təhsil alıb. Dəzgah və monumental heykəltəraşlıqla məşğul olub.
1970-72-ci illərdə SSR Rəssamlar İttifaqının üzvü olub. 1986-cı ildə Zaqafqaziya Respublikaları Biennalisində qızıl medala layiq görülüb.
Heykəltəraşın işləri nəinki Azərbaycan muzeylərində, həmçinin, müxtəlif ölkələrin muzeylərinin daimi ekspozisiyalarını bəzəyir. Əsərlərləri Fransa, Almaniya, ABŞ da, Türkiyədə,İngiltərəde şəxsi kolleksiyalarda saxlanılır.Bunlardan Volqoqrad İncəsənət muzeyində saxlanılan “Mənim qızım” və Moskvada Tretyakov qalereyasında saxlanılan “Hüseyn Cavid” heykəllərinin adını çəkmək olar.
Bundan əlavə, Akif Əskərov “İblis”, “Topal Teymur”, “Şeyx Sənan” heykəllərinin müəllifidir.
Bakı şəhərində yerləşən akademik Yusif Məmmədəliyevin abidəsinin müəllifi olan Akif Əskərovun heykəlləri İranda və Türkiyədə də (Balerina, Səhnə) yerləşir.
Müxtəlif sərgilərdə iştirak edən heykəltaraşın şəxsi sərgisi 1997-ci ildə Bakıda keçirilib.
Ekspozisiyada rəssamın “Balerina”, “Bahar” əsərləri nümayiş etdirilir.
27 may 2018-ci ildə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb.