Bu il martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, istintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, qətlə yetirilən C.Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri olub. Hadisə xidmətdən kənar vaxtı saat 1 radələrində metronun “20 Yanvar” stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilibmiş.
Xatırladaq ki, hadisədən sonra bir nəfərin - Orxan Zeynalovun həbs edilməsi barədə məlumat yayılmışdı.