Bakıda imtahan vaxtı dünyasını dəyişən 67 yaşlı Alxaz Qəribovla bağlı bəzi məqamlar aydın olub.
Mərhumun qohumu Zeynal İbrahimov Xezerxeber.az-a deyib ki, A.Qəribov universiteti bitirdikdən sonra 35-40 ilə yaxın müddətdə rayonda mühasib işləyib.
O, üç ay əvvəldən sahibkarlıq sahəsi üzrə peşəkar mühasib sertifikatı almaq üçün imtahana hazırlaşıb. Ötən gün imtahan zalında A.Qəribovun halı qəfildən pisləşib.
Yaxınlarının sözlərinə görə, A.Qəribovun ürəyi ilə bağlı indiyə qədər heç vaxt şikayəti olmayıb.
Mərhumun qohumu Z.İbrahimov deyib ki, peşəkar mühasib olan A.Qəribov indiyə qədər bir neçə dəfə imtahanlarda iştirak edib və həyəcandan da bu hadisənin olma ehtimalı yoxdur.
Xatırladaq ki, Bakıda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında iştirak edən Zaqatala rayon sakini 67 yaşlı Alxaz Qəribov özünü pis hiss edib və imtahan zalında ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.