Masallı rayonunda baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, qətli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Belə ki, qətlə yetirilən Elməddin Kərimovla Masallı rayonunun Viləş kənd sakini Fuad Əsgərov arasında şəxsi zəmində mübahisə baş verib. Bu zaman Fuad Əsgərov dostu, Masallı rayonunun Qızılağac kənd sakini Höccət Sultanova zəng edib. Hər üç şəxs "Olimpiya kompleksi" deyilən ərazidə mübahisəyə son vermək üçün görüşüblər. Bu zaman Höccət Sultanov üzərində olan bıçaqla Elməddin Kərimovu ürək nahiyəsindən bıçaqlayıb.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. E.Kərimov aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Qətli törətməkdə şübhəli bilinən Fuad Əsgərov və Höccət Sultanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Masallı Rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
23:25
Masallıda 25 yaşlı oğlanı qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Höccət Soltanov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
19:08
Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovun kəsilmiş-deşilmiş xəsarətlərlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.