Gəndob-Xaçmaz-Yalama yolunun 26-cı km-də körpünün uçması zamanı avtomobilin çaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, bunlar Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abas oğlu, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Qarayev Efsun Əsgər oğlu və Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğludır.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
*****
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, hadisədən dərhal sonra əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
"Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər", - məlumatda vurğulanıb.
*****
Qudyalçay çayının Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsü tamamilə dağılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, ilkin ehtimala əsasən, hadisə nəticəsində "VAZ" markalı minik avtomobili çaya düşüb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.
Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.