Avstraliyada ağla durğunluq yaşadan hadisə baş verib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, unutqanlıq və müxtəlif şikayətlərlə həkimə müraciət edən 64 yaşlı qadının beynində 8 santimetr uzunluğunda soxulcan aşkarlanıb.
“Emerging Infectious Diseases” jurnalında hadisənin təfərrüatları barədə qeyd edilən yazıda qadının 2021-ci ilin yanvar ayında davamlı qarın ağrısı və 3 həftə davam edən ishal, quru öskürək, qızdırma və gecələr həddindən artıq tərləmə kimi şikayətlərlə xəstəxanaya müraciət etdiyi bildirilib.
2022-ci ildə qadının şikayətlərinə unutqanlıq və depressiya da əlavə edildikdən sonra o, Kanberradakı xəstəxanaya göndərilib. Anormal beyin fəaliyyəti aşkar edildiyi üçün MRT müayinəsi olan qadının əməliyyat olunmasına qərar verilib. Əməliyyat zamanı həkimlər qadının beynindən uzunluğu 8 santimetr, eni 1 millimetr olan canlı qurd çıxarıblar.
Müayinə üçün laboratoriyaya göndərilən qurdun, adətən pitonlarda rast gəlinən parazit olduğu müəyyən edilib.
Tədqiqatlar zamanı sözügedən parazitin bu vaxta qədər insanlarda aşkar edilmədiyi, xəstənin yaşadığı evin yaxınlığında gölün olduğu və gölün ətrafında parazit yaşadığı piton növünün tapıldığı bildirilib.
Qadının gölün ətrafındakı otlara toxunması və ya yeməklərində ətrafdan topladığı bitkilərdən istifadə etməsi nəticəsində ilanın bədənindən xaric etdiyi parazitin yumurtasının orqanizminə düşdüyü təxmin edilir.
QAZİLER.AZ