Rusiyanın Perm diyarında məktəb avtobusu yoldan çıxaraq aşıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə istintaq idarəsi məlumat yayıb.
Bildirilib ki, avqustun 19-da Solikamsk - Krasnovişersk şossesi ilə hərəkət edən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 15-i uşaq olmaqla 16 nəfər xəsarət alıb.
Daxili İşlər Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidməti dörd zərərçəkənin xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Avtobusda ümumilikdə 20 nəfər olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 1-ci hissəsi (istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi) ilə cinayət işi başlanıb.
Hazırda məhkəmə-tibb ekspertləri hadisə yerinə baxış keçirir, hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.