Koltsovo hava limanında 2023-cü ilin yanvar-iyul aylarında xaricdən alkoqollu içkilərin qanunsuz idxalı ilə bağlı inzibati işlərin sayı ötən ilə nisbətən üç dəfə artıb. Təyyarə sərnişinləri rüsumsuz spirtli içki alır və daşıma qaydalarına əməl etmirlər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Ural Gömrük İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, daha bir oxşar hadisə Bakıdan Yekaterinburqa uçan Azərbaycan vətəndaşı ilə baş verib. O, böyük çanta ilə “yaşıl dəhliz”lə gedib.
Gömrük yoxlaması zamanı həmin şəxsin yükündə 12 butulka qırmızı və ağ Azərbaycan şərabı olduğu müəyyən edilib. Sərnişin onları bəyan etməyib.
Koltsovo Gömrük İdarəsinin rəisi bildirib ki, şəxsi istifadə üçün gömrük ərazisinə bir yetkin vətəndaş üçün 5 litrdən çox olmayan spirtli içkilərin idxalına icazə verilir.
O həmçinin deyib ki, 2022-ci ilin mart ayından etibarən sərhədi keçən istənilən şəxs özü ilə 10 min dollardan çox olmayan pul götürə bilər: “Bu məhdudiyyətlər Rusiya rublu ilə pul ixracına şamil edilmir, lakin yuxarıda göstərilən ekvivalentdən artıq məbləğ bəyan edilməlidir”.