Azərbaycan Ordusunun əsgəri intihar edib

Azərbaycan Ordusunun əsgəri intihar edib backend

Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Asim Hamail oğlu Abbasovun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, - F.Əliyev bildirib.

Diaspora