Rəşad Dağlıya hökm oxundu

Rəşad Dağlıya hökm oxundu backend

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Apa xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. Qeyd olunub ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

11.53

 

Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Rəşad Dağlının vəkili çıxış edərək müvəkkili barəsində daha yüngül cəza verilməsinin xahiş edib.

Vəkil çıxışında qeyd edib ki, İsgəndər Mehdiyev Rəşad Dağlıya küçə söyüşləri söyüb: "Bu söyüşlərdən Rəşad affekt halına düşüb. Rəşad Dağlı məhkəmədə və istintaqda həmin anı xatırlamayıb. Mən dəfərlərlə psixoloji ekspertizaların keçirilməsi ilə bağlı vəsatət verdim. Mənim iştirakım təmin edilmədi. Hadisə baş verəndən sonra özü təslim olub. Səmimi olaraq peşman olduğunu deyib. Atası və anası işləmir, övladları özəl məktəbdə oxuyur. Onun əməlində ağırlaşdırma halı yoxdur. Ona Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə bəraət verilməsini istəyirəm".

Daha sonra prosesdə Rəşad Dağlı son söz deyib. Rəşad Dağlı son sözündə bildirib ki, onun necə adam olduğunu hamı bilir: "Dövlətimin, xalqımın yanında olmuşam. Dövlət tədbirlərində iştirak etmişəm. Himayəmdə azyaşlı uşaqlar var, ödənişli təhsil alırlar. Azadlıqdan uzun müddət məhrum edilsəm, övladlarımın təhsil almağı çətinləşəcək. Xahiş edirəm bunu da nəzərə alasınız".

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

Qeyd edək ki, ötən prosesdə prokuror Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Diaspora