Antalyada tikintidə işləyən atası ilə birlikdə çalışaraq pul qazanmaq istəyən 21 yaşlı universitet tələbəsi gün vurması nəticəsində komaya düşüb.
Qaziler.az “Milliyet”ə istinadla xəbər verir ki, hadisə iyulun 21-i baş verib.
19 May Universiteti Jurnalistika Fakültəsinin 4-cü kurs tələbəsi Okan İğden dərsdən sonra atası Arif İğdenin yanında işləməyə başlayıb. İlk üç gün isti havanın təsirindən ürəkbulanma, başgicəllənmə və qusma hiss edib. Dördüncü gün eyni şikayətləri olan gənc huşunu itirib.
Təcili olaraq xəstəxanaya aparılan İğden reanimasiya şöbəsinə yerləşdirilib. Vaxtında çatdırılan gənc müalicə olunduqdan sonra həyatda qalıb. O, baş verənləri bu cür izah edib:
“Günəşdən qorunmaq üçün başıma papağımı taxmışdım. İşə başladığım ilk gün qaytardım. Nahar fasiləsindən sonra kondisionerli otağa keçəndə bir az rahatladım. Sonra saat 16:00-a qədər işlədim. İkinci gün isə yıxıla-yıxıla işlədim. Dördüncü gün isə huşumu itirdim. Həmin an ətrafımdakı əşyalarla danışıb onlarla dalaşırdım”.
Gəncin atası isə işlədiyi 30 il ərzində belə bir şeylə qarşılaşmadığını, baş verənlərin istidən dolayı olduğunu bildirib.
QAZİLER.AZ