Zabitlərin həbsi ilə  bağlı sensasiya: Yeni rəisin hədəfi…

Zabitlərin həbsi ilə  bağlı sensasiya: Yeni rəisin hədəfi… backend

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində əməliyyat keçirib. Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Əlifağa oğlu Ağayev, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, qəfil yoxlama və yüksək rütbəli zabit də daxil olmaqla, həbslər bir sıra ehtimalların yayılmasına səbəb olub.

Belə ki, media əsas diqqəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin indiyəqədərki fəaliyyətinə yönəldib. Xüsusilə 1998-2009-cu illərdə hərbi kamissar Əliağa Hüseynovun fəaliyyəti dövrünün vaxtaşırı tənqid edilməsi, 2012-ci ildə yenilənmiş adla fəaliyyət göstərən quruma rəhbər təyin edilən Arzu Rəhimovun da “sələfindən” fərqlənməməsi xatırladılır. Globalinfo.az yazıb ki, hazırda həbs edilən şəxslər Arzu Rəhimova yaxındır. “Mənbəmiz bildirir ki, bu həbslər A.Rəhimovu da narahat edir və saxlanılan sabiq rəislərin ifadələrində generalın adının keçəcəyi istisna edilmir. Bu da daha geniş araşdırmalara səbəb ola bilər”, - sayt qeyd edib.

Etibarlı mənbədən aldığımız məlumata görə, əslində, bu əməliyyatların başlanmasının səbəbkarı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəhbəri Mürsəl Qorxmaz oğlu İbrahimovdur. M.İbrahimov 17 aprel 2023-cü ildə rəis təyin edilib və onun təyinatı, daha doğrusu, Arzu Rəhimovun vəzifədən alınması sıradan hadisə deyildi. Belə ki, 11 ildir bu quruma rəhbərlik edən A.Rəhimov 2004-cü ildən yüksək vəzifələrdə çalışıb: 2006-cı ilədək Sərhəd Qoşunları Baş Qərargahı rəisinin 1-ci müavini, 2006-cı ildən Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini - Sərhəd Qoşunları Baş Qərargahının rəisi, 2007-2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 13 fevral 2012-ci il tarixdən isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi işləyib. General-polkovnik rütbəsi daşıyan Arzu Rəhimovun 58 yaşında, vaxtından əvvəl təqaüdə göndərilməsi, təbii ki, təsadüf sayıla bilməzdi. Bu fakt Dövlət Xidmətinin fəaliyyətindən narazılıq olduğunu deməyə əsas verirdi.

M.İbrahimovun vəzifəyə gələndən qısa müddət sonra Hesablama Palatasının qurumda yoxlamalara başlaması da sıradan hadisə deyildi. Bu, M.İbrahimovun bütövlükdə strukturu “təmiz təhvil almaq” və özündən əvvəlki problemləri qətiyyən ört-basdır etmək istəməməsinin nəticəsiydi.

May ayından başlayaraq, Hesablama Palatasının auditinin ardınca yeni rəisin daxili araşdırma və yoxlamalar keçirdiyi, ciddi nöqsanlar aşkarladığı və buna görə də Baş Prokurorluğa müraciət etdiyi bildirilir. Məhz yeni rəisin təşəbbüsü ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyata başlayıb.

Bu əməliyyat və yoxlamaların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində struktur islahatının başlaması və yaxud “sabiqlərin” məsuliyyətə cəlb edilə biləcəyi haqda mediada səslənən ekspert ehtimallarını bir kənara qoysaq, prosesin şəffaflıq baxımından xüsusi önəm daşıdığı mübahisəsizdir.

Yada salaq ki, 2020-ci ildən sonra Azərbaycan Ordusunun imkanlarının daha da genişləndirilməsi və Türkiyə modelinə uyğunlaşdırılması barədə Ali Baş Komandanın iradəsi ortadadır. Bu prosesdə Ordumuza bu və ya digər formada aidiyyəti olan heç bir struktur kənarda qala bilməz.

 

 

 

Diaspora