Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.
14:56
Daxili İşlər Nazirliyi Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, mayın 26-da saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub.
İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
14.11
Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
Əlavə məlumat veriləcək.
13:17
Qəbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, qəza zamanı 10 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda hadisə yerində araşdırma aparılır, xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir.