Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.
Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.
*****
08:19
Bakıda iki azyaşlı quyuya düşərək ölüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.
Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.