“Nərminin paltarları eyni vaxtda iki fərqli qurumda necə ola bilərdi?” - İlkin Süleymanovun məhkəməsi

“Nərminin paltarları eyni vaxtda iki fərqli qurumda necə ola bilərdi?” - İlkin Süleymanovun məhkəməsi backend

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən budəfəki iclasda hadisə yerindən tapılmış paltarlarla bağlı rəy vermiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova dindirilib.

Ekspertin ifadəsində bir sıra ziddiyyətli hallar ortaya çıxıb. Aysel Cavadova istintaqa ifadəsində bildirib ki, yanğın yerindən tapılan materiallar 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olub. Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyində isə sözügedən materialların 13 yanvar 2020-ci ildən 21 fevral 2020-ci ildə qədər həmin qurumda olduğu qeyd olunub.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev şahiddən bu məsələyə aydınlıq gətirməsini istəyib: 

“Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, ayın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar. Fevralın 21-nə qədər rəy hazırlayıblar. Sonra isə prokurorluğa təhvil veriblər. Belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?”

Ekspert materialların onda olduğunu və onların üzərində tədqiqat apardığını bildirib.

Aysel Cavadovanın ifadəsində mübahisə doğuran başqa bir məsələ üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçasıyla bağlı olub. Vəkillər deyiblər ki, hadisə yerindən belə bir parçanın tapılması haqda sübut yoxdur, sonradan İlkin Süleymanovun evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb.

Aysel Cavadova isə qeyd edib ki, paltarlar arasından tapılan əski parçasıyla İlkin Süleymanovun evindən götürülən yorğan üzlüyü eyni parçadandır.

Vəkillər ekspertə hadisə yerindən tapılmayan materialların ekspertizaya necə gəlib çıxması ilə bağlı sual veriblər. Müdafiəçilər bildiriblər ki, həmin predmetlər hadisə yerində olsaydı, müstəntiq onları görərdi.

Aysel Cavadova isə onlara cavab olaraq “Mən 5 nömrəli kisəni açdım, onun içindən tapdım”, deyib.

Vəkillər isə 5 nömrəli kisənin şəklinin cinayət işində olduğunu, onun içində heç nə olmadığının vurğulayıblar. Müdafiəçilər əlavə ediblər ki, Aysel Cavadova ilə yanaşı, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb, əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi.

Vəkil Zabil Qəhrəmanov deyib ki, bağlamalar arasından həmin yorğan üzlüyü çıxarılanda məlum olub ki, onun bir hissəsi kəsilib:

“Yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması - hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?”

Qeyd edilib ki, cinayət işinin materiallarında İlkin Süleymanovun azyaşlının başına daşla vurmaqla onu qətlə yetirdiyi, başına isə qan axdığına görə qırmızı əski parçası qoyduğu bildirilib.

Proses aprelin 5-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Diaspora