“Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
“Avtobus qısaqapanma nəticəsində yanıb. Baş verən yanğın söndürülüb. Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, - deyə idarədən qeyd edilib.
*****
Bakıda sərnişin avtobusu yanıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli" bazarı istiqamətinə hərəkətdə olan "İveco Otoyol" markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb.
Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.
Qeyd olunan yolda hərəkət tam bərpa edilib.