Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə Goranboy, Şirvan, Mingəçevir, Cəlilabad, Kürdəmir və Tərtər icra hakimiyyətlərin təşəbbüsü ilə Bakıda hazırlanmış 20 müasir modul tipli ev bu gün qardaş ölkəyə yola salınıb.
APA xəbər verir ki, göndərilən 1 və 2 otaqlı modul tipli evlərdə 10-12 nəfərin yaşaması üçün lazımi şərait var.
Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyətləri tərəfindən Bakı şəhərində sifariş olunmuş 90 ədəd müasir modul tipli ev hazırlanaraq mərhələli şəkildə Türkiyəyə göndərilir.
Qeyd edək ki, fevralında 13-də Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 4 modul ev göndərilib. Həmçinin, icra hakimiyyətləri tərəfindən fəlakətin ilk günlərindən ziyan çəkmiş əhaliyə lazım olan isti paltar, yataq dəstləri, müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar, generatorlar, çadırlar alınaraq qardaş ölkəyə göndərilir. İndiyədək 57 şəhər və rayon icra hakimiyyəti tərəfindən təşkil olunan humanitar yardım Türkiyə Respublikasının Kahramanmaraş, Malatya, Adıyaman və digər bölgələrinə yola salınıb. Şəhər və rayon icra hakimiyyətləri tərəfindən təbii fəlakət bölgəsinə humanitar yardımların göndərilməsi bundan sonra da davam etdiriləcək.