Baku TV Gəncədə Türkiyədə zəlzələ nəticəsində həyatını itirən Şahin Vəliyevin evində olub.
Anası Esmira Hüseynova bildirib ki, Ş.Vəliyevin cənazəsinin dağıntılar altından çıxarıldığını sosial şəbəkədən öyrənib:
“Qardaşıma zəng elədim, mənə bircə meyit göstərdi, ağladı. Başqa heç nə”.
Babası Abbasqulu Hüseynov bildirib ki, Ş.Vəliyev universitetdən buraxılmışdı:
“Dedim, ay bala, gəl, dedi ki, “baba, qalmağa yer yoxdur, hara gəlim”. Mənim yerim olsa idi, uşaq gəlib qalardı, başıma da bu iş gəlməzdi”.
Qeyd edək ki, 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində Ş.Vəliyevin də evi dağılıb. Tamamilə dağılan evdə tikinti işləri hələ yekunlaşmayıb. Yas mərasimi həmin evdə təşkil edildiyi üçün artıq hazırlıq işlərinə başlanılıb.
11:14
“Şahin ağıllı-kamallı bala idi”.
Bu sözləri Baku TV-yə Türkiyənin Malatya şəhərində fevralın 6-da baş vermiş zəlzələnin təsirindən uçub-dağılan binanın altında qalan azərbaycanlı tələbə Şahin Vəliyevin nənəsi Solmaz Kazımova deyib.
S.Kazımova bildirib ki, dağıntılardan əvvəl bir meyit çıxarılıb, amma boyu balaca olub:
“Oğlum dedi ki, ana, bir meyit çıxıb, tanınmazdır, həm də boyu balacadır. Mənim Şahinimin boyu 1,9 metr idi. İkinci meyiti çıxaranda yenə zəng elədim, dedi ki, “ay ana, ürəyim sıxılır, Şahini çıxardılar”.
Ətraflı videonu təqdim edirik: