Azərbaycan sərhədçiləri iranlı qaçaqmalçılara atəş açdılar: Saxlanılan var - FOTO

Azərbaycan sərhədçiləri iranlı qaçaqmalçılara atəş açdılar: Saxlanılan var -  FOTO backend

Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə üç nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Azərbaycan Respublikası dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə - İran istiqamətinə qaçıblar.

Sərhəd zastavasının xidməti ərazisi qapadılıb, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə bir sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Diaspora