Ötən gün Bakının Nərimanov rayonunda meyitləri tapılan 4 nəfərin hamısının kimlikləri məlum olub.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dünəndən bu yana kimliyi müəyyən edilə bilməyən meyitin şəxsiyyəti Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təyin edilib. Onun Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Salayev Kənan Ramiz oğlu olduğu üzə çıxıb.
Qeyd edək ki, K.Salayev məktəbli olub.
13:24
Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan dörd nəfər ilə bağlı bəzi məlumatlar üzə çıxıb.
Oxu.Az-ın məlumatına görə, evi 1991-ci il təvəllüdlü Pərvin Səfərli adlı şəxs kirayə tutub.
Ev sahibəsinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib.
31 dekabr gecəsi isə digər üç nəfər onun kirayə tutduğu evə qonaq gəlib.
Bayramdan sonra ev sahibəsi İ.Fərəcova P.Səfərliyə kirayə müqaviləsinin bağlanması üçün dəfələrlə zəng etsə də, telefona cavab verməyib.
Dünən səhər saatlarında evə gəlib və qapının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb.
İ.Fərəcova Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edərək, giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat verib.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə dörd nəfərin meyiti aşkar olunub.
Qeyd edək ki, hadisə yerindən 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və digər 30-35 yaşlı şəxsin meyitləri aşkarlanıb.
Dünən Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdi.
Ev sahibəsinin oğlu F.Fərəcov saytımıza bildirib ki, hadisə barədə araşdırma aparılır:
“Evi anam kirayə verib və dünən də müqavilə bağlamaq üçün ora gedib. Qapı açılmadığı üçün Fövqəladə Hallar Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib. Bu, gözlənilməz hadisədir. Anam şəkər xəstəsi olduğu üçün dünənki hadisədən sonra özünü pis hiss edir. Hazırda araşdırma aparılır”.
O qeyd edib ki, heç vaxt evdə qaz təminatı ilə bağlı problem yaşanmayıb.
Xatırladaq ki, ötən gün Bakının Nərimanov rayonunda bir mənzildən dörd nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
Onların ölməsi faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.