Buzovnada bir ailənin faciəsi: Dəhşətli qətli törədən şəxslə bağlı YENİ DETALLAR - YENİLƏNİB

Buzovnada bir ailənin faciəsi: Dəhşətli qətli törədən şəxslə bağlı  YENİ DETALLAR - YENİLƏNİB backend

Noyabrın 29-u saat 20 radələrində Buzovna qəsəbəsində bir ailədən 3 nəfərin qətlə yetirilməsi ilə nəticələnən dəhşətli cinayətlə bağlı maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Nofəl Səfərov qətlə yetirilən 83 yaşlı Elbrus Muradov və 75 yaşlı Şahirə Muradovanın nəvəsinin keçmiş həyat yoldaşı olub.

Belə ki, bir müddət əvvəl N.Səfərov Muradovların qızının övladından boşanıb. N.Səfərovun hadisə yerindən qaçarkən xəsarət yetirdiyi və cinayətin əsas şahidi olan 25 yaşlı Elbrus Ağalarov isə onun keçmiş qaynıdır.

Müəyyən edilib ki, N.Səfərov qəssab kimi fəaliyyət göstərib. O keçmiş qayınanasının valideynlərinin yaşadığı evə də qəssab baltası və bıçaqla silahlanaraq gəlib. O, keçmiş həyat yoldaşının babası Elbrus Muradovu (həyətdə), nənəsi Şahirə Muradova və dayısı Rahil Muradovu (hər iki şəxsi evdə) əvvəlcə balta ilə, daha sonra bıçaqla vuraraq ağır xəsarətlər yetirib. E.Muradov hadisə yerində, arvadı və oğlu isə xəstəxanada vəfat edib. Mənzildən çıxdıqda isə o, keçmiş qaynı Elbrus Ağalarovla qarşılaşıb və 25 yaşlı oğlana başından, boynundan xəsarətlər yetirsə də, onu öldürməyərək qaçıb.

O da məlum olub ki, qətlə yetirilən, əslən Füzuli rayonundan olan Elbrus Muradov yaşadığı ərazidə molla və falçı kimi tanınıb. Nofəl Səfərovun ailəsinin uğursuz olmasında E.Muradovu günahlandırması, onun magiya vasitəsilə ailə münasibətlərinə təsir etdiyini iddia etməsi və cinayəti də qisas zəminində törətməsi güman edilir. O, hadisəni törədərkən evdə olduğu müddətdə mənzili alt-üst edib.

Həmçinin məlum olub ki, bir müddət əvvəl Muradovlar ailəsinin evlərindən xeyli miqdarda pul və qızıl oğurlanması ilə bağlı polisə müraciəti olsa da, həmin şikayət əsasında aparılan araşdırma nəticəsində belə bir hadisənin baş vermədiyi və həqiqətə uyğun olmayan məlumatın verilməsi üzə çıxıb.

Hazırda baş vermiş ağır cinayət hadisəsi ilə bağlı intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

16:41

Polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd olunub.

Belə ki, noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Səfərov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Diaspora