Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib.
Bununla bağlı TƏBİB məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib.
Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.
Qeyd edək ki, xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.
Onların vəziyyətləri ilə bağlı əlavə məlumat veriləcək.
16:17
Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan səkkiz nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.
Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, yaralılardan üçü uşaq, beşi qadındır.
15:36
Bakı-Qazax yolunda avtobusun aşması nəticəsində yaralanan şəxslər Kliniki Tibbi Mərkəzə aparılıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, müxtəlif bədən xəsarətləri alan yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur.
Onlara ilkin tibbi yardım göstərilir.
15:01
Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb piyada olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə yolun 26-cı km-də olub. Sürücü, 1957-ci il təvəllüdlü R.Məmmədov idarəetməni itirərək, avtobusu aşırıb.
Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən bildirilib ki, 99-XX-256 dövlət nömrə nişanlı, “İsuzu” markalı, 164 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun qarşısına piyada çıxıb:
“Bu səbəbdən sürücü idarəetməni itirərək avtobusu aşırıb. İlkin məlumata görə, hadisə nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
14:09
Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, qəza avtobusun aşması nəticəsində baş verib.
Hadisə zamanı 2 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.
Qəza yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.