Bakıda sürət qatarı kişini vuraraq öldürüb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 11-i saat 18:45 radələrində paytaxtın Nərimanov rayonunda yerləşən Keşlə dəmir yolu stansiyasının ərazisində qeydə alınıb.
Belə ki, maşinist Ağayev Mahir Hilal oğlu və maşinist köməkçisi Həbibov Pirverdi Seyidverdi oğlunun idarə etdikləri Sərnişin Daşıma Departamenti İstismar Xidmətinə məxsus "Stadler-EŞ-019" saylı Biləcəri-Keşlə yük-Bakı istiqamətində sürətli elektrik sərnişin qatarı Məmmədov Araz Məhərrəm oğlunu dəmir yol xəttini keçərkən vurub. Nəticədə A.Məmmədov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.