Nilay elə bilir ki, ata-anası ölməyib, o böyüyəndə gələcəklər

Nilay elə bilir ki, ata-anası ölməyib, o böyüyəndə gələcəklər backend

“Həmin gecə baş verən dəhşət iki ildir ki, gözümün önündən getmir. Nilay hələ bilmir ki, onun atası-anası ölüb, hər gün deyir ki, mən böyüyəndə gələcəklər”.

 

Bunu Trend-ə açıqlamasında 2020-ci il 11 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində ata-anasını və ata nənəsini itirən 1 yaş 10 aylıq Nilayın nənəsi Sevil Babazadə deyib.

 

O bildirib ki, həmin gecə Gəncədə yer-göy qəfildən titrəyib: “Biz bilmirdik ki, qızımın evinə raket düşüb. Bizə dedilər ki, həmin binanın yaxınlığındakı kombinat ərazisi partlayıb. Qaynımla birlikdə dərhal ora getdik. Raket zərbəsindən 10 dəqiqə sonra əraziyə çatanda gördüm ki, qızımın yaşadığı binanın bir hissəsi tamamilə dağılıb. Raket qızımgilin mənzilinin balkonuna düşmüşdü. Sonrasını təsəvvür edə bilmirəm. Hadisəni görən qaynım 5 ay sonra dünyasını dəyişdi. O gündən sonra həmin əraziyə gedə bilmirəm. Elə həmin gecə ora sonuncu dəfə getdim. Mən ora çatanda qızımın mənzilindən əsər-əlamət qalmamışdı”.

 

Xatırladaq ki, ikinci Qarabağ müharibəsində ümumilikdə Ermənistan tərəfindən Gəncə, Bərdə, Yevlax, Beyləqan, Tərtər, Naftalan, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

 

Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib. Ermənistan terorru nəticəsində həlak olan hər bir dinc sakinlə bağlı cinayət işləri açılıb, beynəlxalq məhkəmələrə, təşkilatlara müraciətlər olunub.

 

Diaspora