Sumqayıtda şairə nənəsini iplə boğaraq qətlə yetirməkdə təqsirləndirilən Nicat Əliyevin barəsində cinayət işi üzrə istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Hafiz Əliyevin icraatına verilib.
Qeyd edək ki, iyunun 25-i saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1938-ci il təvəllüdlü Qənirə Mehdixanlının yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin nəvəsi 1995-ci il təvəllüdlü Nicat Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənirə Mehdixanlını iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Onu da qeyd edək ki, qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlı tanınmış şairə olub. QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedaqoji fəaliyyət göstərib.