Ağdamda mina partlayıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB

Ağdamda mina partlayıb, 3 nəfər xəsarət alıb -  YENİLƏNİB backend

Daxil olan yenilənmiş məlumata əsasən bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı zamanı daha bir nəfər zərərçəkib.

Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti  məlumat verilib.

Qeyd olunub ki, 1983-cu il təvəllüdlü Qəbələ rayon sakini Abdulxalıqov Səxavət Ələddin oğlu sağ əlindən yüngül xəsarət alıb.

***

19:17

Bu gün saat 16:30 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi hissəsindən keçən Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə mina partlayışı baş verib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, partlayış nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər daxili işlər orqanları əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır. Hadisə müəyyən olunan marşrutdan kənarda baş verib.

Araşdırma aparılır.

***

19:00

Oktyabrın 08-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan  verilən xəbərə görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

18:33

Bu gün Füzuli-Ağdam yolu istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən  verilən xəbərə görə, hadisə nəticəsində 1989-cu il təvəllüdlü Şəmkir rayon sakini Əliyev Ramin Əmir oğlu və 1986-cı il təvəllüdlü Ağstafa rayon sakini Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıb.

Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyesindən amputasiya edilib.

"Bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırırıq", - məlumatda deyilir.

Qeyd edək ki, hər iki şəxs yol tikintisi aparan şirkətin əməkdaşlarıdır.

Diaspora