Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə sənədlərin 5 və 6-cı cildi tədqiq olunub.
Məhkəmədə vəkil Zabil Qəhrəmanov İlkin Süleymanovun həbs olunduqdan sonrakı bir neçə gün ərizində müqavilə əsasında olan vəkilindən gizlədildiyini deyib. Vəkil məhkəmədən bu epizoda diqqət yetirməsini istəyib: “İlkin Süleymanov 2020-ci il yanvarın 6-da həbs olunub. Həmin ayın 16-sı isə onun müqavilə əsasında olan vəkilinin orderi prokurorluğa təqdim olunub. Buna baxmayaraq, yanvarın 25-i və 28-də istintaq hərəkətləri keçirilsə də, həmin vəkil ittiham olunan şəxsə təqdim edilməyib. Bu da onu göstərir ki, İlkin Süleymanov vəkildən gizlədilib”.
Vəkil, həmçinin iş üzrə bəzi sənədlərin protokolda başqa, qərarda başqa olduğunu qeyd edib: “İlkin Süleymanovun təqsirləndirilən şəxs kimi cəlbetmə qərarında Nərmin Quliyevanın yanvarın 6-da öldürüldüyü göstərilib, ekspertiza qərarında isə sübut olundu ki, zərərçəkmiş üç-dörd gün əvvəl öldürülüb. Bu da onu göstərir ki, İlkinin hadisədən xəbərsiz olduğu üçün ilk ifadəsində yalan danışıb”.
Proses sentyabrın 7-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.